- İspaniya L.L.
- 23:29 10.10.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının 8-ci turunda “Xetafe” üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis bildirib ki, matçın əvvəlində qol vurmaq komandasına əlavə inam qazandırıb.
“Bu gün ilk qolu tez vurmaq bizim üçün çox vacib idi. Bu, bizə inam verdi, çünki milli komandaların oyunlarına görə yaranan fasilələrdən sonra adətən çətinliklər olur. Lakin yaxşı oynadıq. “Xetafe” müdafiədə əla çıxış edir. Bu komanda La Liqanın müdafiə baxımından ən yaxşılarından biridir.
Biz özümüz də müdafiədə yaxşı oynadıq. Matça nəzarət etməyi bacardıq”, – deyə Flikin sözlərini “Marca” nəşri sitat gətirib.
Qeyd edək ki, “Barselona” 24 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. “Xetafe” isə 8 xalla 13-cü pillədə qərarlaşıb.