- İspaniya L.L.
- 22:33 16.10.2026
La Liqanın prezidenti və İspaniya Kral Futbol Federasiyasının (RFEF) vitse-prezidenti Xavyer Tebas “Real Madrid”in onun istefası ilə bağlı çağırışına münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, funksioner sosial şəbəkə hesablarında yayımladığı bəyanatda Madrid klubunun rəhbərliyinin son 13 ildə dəfələrlə onun istefasını tələb etdiyini və vəzifəsindən uzaqlaşdırılmasına çalışdığını qeyd edib.
“Son 13 ildə ‘Real Madrid’in rəhbərliyi dəfələrlə istefamı tələb edib və ya vəzifəmdən kənarlaşdırılmağıma çalışıb. Buna Ali İdman Şurasına (CSD) birbaşa və ya üçüncü şəxslər vasitəsilə şikayətlər, eləcə də cinayət iddiaları daxil olub. İndiki addım da bu silsilənin növbəti epizodudur.
Onlar neytrallıqla müstəqilliyi qarışdırırlar. Tutduğum vəzifə müstəqillik tələb edir, lakin bu, ədalətsizlik qarşısında passiv qalmaq və ya ‘Real Madrid TV’ və onun tərəfdarları turnirimizə qarşı davamlı, həddindən artıq və təhqiramiz hücumlar edərkən susmaq demək deyil. La Liqanın prezidenti turniri müdafiə etməlidir, hətta bunun üçün ‘Real Madrid’in rəhbərliyinə qarşı çıxmaq lazım gəlsə belə”, – deyə Tebas bildirib.
O, həmçinin Madrid klubunun milli çempionatı məhv etməyə çalışdığını iddia edib.
“Mənim qənaətim budur ki, onlar milli çempionatı MƏHV ETMƏYƏ çalışırlar. Superliqa layihəsi vasitəsilə məqsədlərinə çatmaqda uğursuzluğa düçar olduqdan sonra, ən azı hələlik, indi nəzarətlərində olan media vasitələri və sözçüləri vasitəsilə hadisələrin təhrif olunmuş versiyasını yaymağa çalışırlar. Onlar bunu ‘yenilənmə’ adlandırırlar, eyni zamanda özlərinin də iştirak etdikləri turnirin nüfuzuna xələl gətirirlər”, – deyə La Liqanın rəhbəri vurğulayıb.
Tebas “Neqreyra işi” ilə bağlı La Liqanın ilk gündən tədbirlər gördüyünü bildirib və “Real Madrid” rəhbərliyini passivlikdə ittiham edib. O, Florentino Peres və Joan Laportanın 2023-cü ildə RFEF-in komitəsini eyni vaxtda tərk etdiklərini xatırladıb. Həmçinin “Real Madrid”in “Barselona”ya qarşı tənqidlərinin Kataloniya klubunun Superliqa layihəsindən ayrılmasından sonra niyə gücləndiyini sorğulayıb.
Qeyd edək ki, Tebas daha əvvəl “Real Madrid TV”ni hakim qərarlarını seçmə şəkildə işıqlandırmaqda ittiham etmiş və kanalın fəaliyyətini Yozef Göbbelsin təbliğat üsulları ilə müqayisə etmişdi. Buna cavab olaraq “Real Madrid” funksionerin dərhal istefaya getməsini tələb etmişdi.