- İspaniya L.L.
- 01:55 21.10.2026
İspaniyanın “Sevilya” klubu La Liqanın IX turunda “Real Madrid”ə 1:4 hesabı ilə məğlub olduğu oyunun televiziya yayımı ilə bağlı rəsmi şikayət edib.
90deqiqe.Az xəbər verir ki, klub La Liqanın Yarışlar Departamentinə müraciət edərək mübahisəli epizodların təkrarlarının az göstərilməsindən narazılığını bildirib.
“Sevilya” rəsmi saytında yayımlanan bəyanatında çəkiliş kameralarının görüntülərinin, çəkiliş qaydalarının və televiziya heyətinin fəaliyyəti ilə bağlı hesabatın təqdim olunmasını tələb edib.
Andalusiya təmsilçisi xüsusilə “Real”ın yarımmüdafiəçisi Arda Gülərin Pekenin dirsəyinə zərbə vurduğu epizoda, Mark Kukurelya ilə müdafiəçi arasındakı təmasdan sonra penalti təyin edilə biləcəyi məqama, eləcə də Madrid klubunun ikinci qolundan əvvəl baş verən qayda pozuntusuna diqqət çəkib.
Klubun fikrincə, bu epizodlar yayımda kifayət qədər işıqlandırılmayıb. Halbuki “Real”ın xeyrinə penalti təyin olunan məqam dəfələrlə nümayiş etdirilib.
Qeyd edək ki, daha əvvəl Hakimlər üzrə Texniki Komitə (CTA) Gülərin zərbəsi ilə bağlı epizoda VAR-ın müdaxilə etməməsini görüntünün aydın olmaması ilə izah edib.
“Sevilya” orijinal videoçəkilişlərin qorunmasını və klublara bərabər münasibətin təmin edilməsi üçün araşdırma aparılmasını da tələb edib.
Bundan əlavə, klub nümayəndələri CTA ilə görüşərək mübahisəli epizodları müzakirə ediblər. Lakin tərəflər həmin vəziyyətlərlə bağlı vahid mövqeyə gələ bilməyiblər.