- İspaniya L.L.
- 22:32 28.10.2026
“Barselona”nın sabiq hücumçusu Tyerri Anri Kilian Mbappe və Lamin Yamalın gələcəkdə “Real” – “Barselona” rəqabətinin əsas simalarına çevriləcəyini düşünür.
90deqiqe.Az-ın “Betway Insider”ə istinadən məlumatına görə, o, bu rəqabəti əvvəlki dövrdə Lionel Messi və Kriştiano Ronaldo arasında yaşanan mübarizə ilə müqayisə edib.
“İstərdim ki, bu, həqiqətən də belə olsun. Hazırda “Real” haqqında düşünəndə ilk ağla Mbappe gəlir. Əvvəllər Qaret Beyl, Luka Modriç və Kərim Benzemanın adını çəkmək olardı, amma əsas fiqur Ronaldo idi. İndi bu rolu Mbappe oynayacaq. Baxmayaraq ki, onun yanında Cud Bellinqem kimi futbolçu da var”, – deyə Anri bildirib.
Fransalı mütəxəssis “Barselona”da da çoxlu istedadlı futbolçunun olduğunu, lakin komandanın əsas simasının Lamin Yamal olduğunu vurğulayıb.
“Barselonada çoxlu əla futbolçu var, amma əsas fiqur Yamaldır və o, uzun müddət belə qalacaq. Buna görə də Yamal və Kilian uzun illər La Liqada rəqabət aparacaq, bəlkə də “Qızıl top” uğrunda mübarizə aparacaqlar. “Barselona” ilə “Real” arasındakı oyunların əsas ulduzları məhz bu iki futbolçu olacaq”, – deyə Anri əlavə edib.
Qeyd edək ki, komandalar arasında son “El Klasiko” “Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Həmin görüşdə Kilian Mbappe iki qol vurub.