- İspaniya L.L.
- 21:12 03.11.2026
İspaniya Milli Polisi “Tenerife” klubunun hücumçusu Xesus de Miquelin “Andorra”nın qapıçısı Xesus Ovono ilə toqquşmadan sonra vəfat etməsi ilə bağlı araşdırmaya başlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə “ABC” nəşri məlumat yayıb.
Hadisə bazar ertəsi baş verib. “Andorra”nın qapıçısı Ovono topa müdaxilə etmək üçün cərimə meydançasını tərk edərək irəli çıxıb və De Miquellə toqquşub. Qarşılaşmanın baş hakimi qapıçıya birbaşa qırmızı vərəqə göstərib.
Toqquşmadan sonra hücumçunun ürəyi dayanıb. O, xəstəxanaya çatdırılsa da, noyabrın 3-də, 30 yaşında vəfat edib.
Prokurorluğun nümayəndəsi Xose Luis Sançes-Xauregi işin cinayət mühakiməsinə qədər gedib çıxması ehtimalını az hesab edir. İspaniya məhkəmə praktikasına əsasən, idman fəaliyyəti zamanı alınan xəsarətlər, bir qayda olaraq, cinayət məsuliyyətinə səbəb olmur.
Qeyd edək ki, İspaniya Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan ölümə səbəb olma bir ildən dörd ilədək azadlıqdan məhrumetmə və ya cərimə ilə cəzalandırılır.