- İspaniya L.L.
- 00:02 15.11.2026
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo həmyerlisi, hazırda Madrid “Real”ında çıxış edən Endrik barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, əfsanəvi futbolçu gənc hücumçunun dünyanın istənilən komandasında oynamaq potensialına malik olduğunu bildirib.
“Şübhəsiz ki, o, dünyanın istənilən komandasında oynaya bilər. Artıq bir neçə çempionatda çıxış edib və Fransa, Braziliya və İspaniyada özünü yaxşı tərəfdən göstərib. O, hələ çox gəncdir və böyük uğurlar qazana bilər”, – deyə Ronaldinyo “La Gazzetta dello Sport”a müsahibəsində bildirib.
Qeyd edək ki, Endrik cari mövsümdə “Real”da az oyun şansı qazanır. O, bütün turnirlərdə 7 qarşılaşmada iştirak edib və “Roma”nın qapısına bir qol vurub.
Bu arada, Ronaldinyo 2015-ci ildən bəri ilk dəfə rəsmi matçda meydana çıxmağa hazırlaşır. Braziliyalı sabiq futbolçu İtaliyanın üçüncü divizionunda çıxış edən “Ravenna” klubuna qoşulub və “Forli” ilə derbi qarşılaşmasına hazırlaşır.
Gözlənilir ki, Ronaldinyo qarşıdakı matçda ən azı 30 dəqiqə meydanda olacaq.