- İspaniya L.L.
- 23:49 15.11.2026
“Sevilya”nın baş məşqçisi Luis Qarsiya Plasa İspaniya çempionatında “Real Madrid” və “Barselona” ilə digər klublar arasındakı böyük səviyyə fərqinin turnirdə rəqabəti azaltdığını düşünür.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bu barədə “Tablero Deportivo” proqramının efirində danışıb.
“La Liqada məni təəccübləndirən çox az şey var. Düşünürəm ki, komandalar arasında böyük uçurum mövcuddur. İki klub mütləq üstünlüyə malikdir. “Atletiko” isə onlardan bir qədər geri qalır”, – deyə o bildirib.
Luis Qarsiya Plasa digər klubların da vəziyyətinə toxunub:
“Daha sonra dörd komanda gəlir: çox yaxşı mövsüm keçirən “Betis”, hələ daha da inkişaf edəcək “Vilyarreal”, “Atletik” və “Real Sosyedad”. Qalan komandalar isə onlardan xeyli aşağı səviyyədədir. Məncə, çempionatı maraqsız edən də məhz budur.
La Liqa “Real” və “Barselona” üçün çox maraqlıdır. Ancaq digər klublar mövsümə çempionluq uğrunda mübarizə aparmaq düşüncəsi ilə başlamırlar. Əvvəllər belə bir ehtimal var idi, indi isə bu, real görünmür”.
Qeyd edək ki, turnir cədvəlində “Barselona” 33 xalla liderdir. “Real Madrid” 30 xalla ikinci, “Atletiko Madrid” isə 28 xalla üçüncü pillədə qərarlaşıb.