İtaliya A Seriyasının 5-ci turu çərçivəsində keçirilmiş “Torino” – “Leççe” oyunu meydan sahiblərinin türkiyəli yarımmüdafiəçisi Emirhan İlkhan üçün əlamətdar olub. Corner.az xəbər verir ki, gənc futbolçu bu yay transfer olunduğu Turin klubunda ilk dəfə əsas heyətdə meydana çıxıb.
Bununla da Emirhan sözügedən klubun tarixində start heyətdə meydana çıxan ən gənc (18 yaş, 96 gün) futbolçu ünvanına sahib olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Leççe” ilə matçda 64 dəqiqə meydanda qalan yarımmüdafiəçi, 1:0 hesablı qələbəyə sevinib. O, daha öncə 1-ci turun “Monza” ilə səfər matçının 90-cı dəqiqəsində meydana çıxmaqla yeni komandasında debüt imkanı əldə etmişdi.
Xatırladaq ki, “Torino” Emirhanı bu yay yetirməsi olduğu “Beşiktaş”dan 4.5 milyon avroya transfer edib.