“Milan” UEFA Çempionlar Liqasında 16 illik həsrətə son qoyub. Corner.az saytı xəbər verir ki, sözügedən komanda uzun illər sonra qitənin ən nüfuzlu klub turnirində yarımfinala vəsiqə qazanıb.
1/4 finalda İtaliyanın digər təmsilçisi “Napoli” ilə qarşılaşan milanlılar cütün qalibi olmağı bacarıb. Doğma meydanda 1:0 hesablı qələbəyə sevinmiş “Milan” səfərdə də 1:1 hesablı heç-heçə sayəsində mərhələ adlayan tərəf olub.
Xatırladaq ki, “Milan” sonuncu dəfə 16 il öncə Çempionlar Liqasında yarımfinala vəsiqə qazanmışdı. Bu komanda 2007-ci ildə finala qədər yüksəlmiş və həlledici oyunda “Liverpul”a qalib gələrək ÇL-in qalibi olmuşdu.
“Milan” bu mövsüm ÇL-in yarımfinalında “İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk oyununda “İnter” 2:0 hesabıyla qalib gəlib.