Çempionlar Liqasının finalı Türkiyədə keçiriləcək prezident seçkilərinə görə Lissabona verilə bilər. Corner.az xəbər verir ki, bu il turnirin finalı iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməlidir.
Lakin Türkiyədə birinci turu mayın 14-də keçirilməli olan prezident seçkiləri ilə əlaqədar UEFA ictimai asayişin mümkün pozulmasından ehtiyat edir.
“Daily Mail” nəşrinin iddiasına görə, təşkilat Portuqaliya Futbol Federasiyasına görüşün Lissabondakı “Estadio da Luz” stadionuna keçirilməsi üçün qeyri-rəsmi sorğu göndərib.
Bildirilir ki, UEFA Çempionlar Liqasının finalının təxirə salınmasını arzuolunmaz hesab edir. Çünki koronavirus pandemiyası səbəbindən Çempionlar Liqasının finalı artıq İstanbuldan iki dəfə - 2020 və 2021-ci illərdə alınıb. Bununla belə, mümkün təhlükə olacağı halda bu seçim istisna edilmir.
Çempionlar Liqasının ilk yarımfinal oyunlarında “Real” “Mançester Siti” ilə heç-heçə (1:1) edib, “Milan” isə “İnter”ə 0:2 hesabıyla uduzub.