- İtaliya S.A.
- 15:41 21.11.2024
UEFA Avropa liqasında artıq yarımfinalçıların adı məlumdur. Bu komandalar arasında “Atalanta”nı özəl olaraq qey edə bilərik. Can Pyero Qasperinin rəhbərliyi altında güclü “Liverpul”u mübarizədən kənarlaşdıran İtaliya təmsilçisi artıq mötəbər tunirin əsas favoritlərindən hesab olunur.
1906-cı ildə əsası qoyulan “Atalanta” tarixinin böyük hissəsində yuxarı yerlər uğrunda mübarizə aparmayan, vaxtşarı olaraq aşağı liqalara yuvarlanan sıradan bir İtaliya klubu idi. XXI əsrin əvvəllərində də komandanın işləri yaxşı getmirdi. 2009/2010-cu illər mövsümündə güclülər dəstəsində 18-ci olan Berqamo təmsilçisi növbəti dəfə B Seriyasına yuvarlandı. Doğrudur, onlar cəmi bir il aradan sonra yenidən Seriya A-ya qayıda bildilər. Lakin geridönüşdən sonra da “göy-qaralar” üçün yeni bir səhifə açılmadı. Növbəti dəfə liqanın ikinci eşelonunda ilişib qalan kollektiv tez-tez baş məşqçi dəyişikliyinə gedir, bəzən isə yalnız son turlarda iştirak vəsiqəsini qoruyub saxlaya bilirdi.
Nəhayət hər şey 2016-cı ildə komandanın sükanı arxasına Can Pyero Qasperininin gətirilməsi ilə dəyişdi. Məşqçilik karyerasına “Yuventus”un gənlər komandasında başlayan mütəxəssis sonrakı illərdə “Krotone”, “Palermo” və “Cenoa” kimi nisbətən kiçik klublarda işi ilə özündən söz etdirməyi bacardı. Qasperini həmçinin çox qısa müddət ərzində “İnter”də uğursuz bir sərgüzəşt yaşadı. Heç kim ciddi uğuru olmayan baş məşqçinin rəhbərliyi altında “Atalanta”nın bu “qara zolaq”dan çıxacağını düşünmürdü. Ancaq Qasperini bütün skeptik düşüncüləri alt-üst edə bildi. Rafael Toloy, Brian Kristante, Remo Froyler, Papu Qomez, Frank Kessiye, Matia Kaldara, Leonardo Spinassola, Hans Hatebor kimi futbolçulardan təşkil olunmuş kollektiv Qasperinin ilk cəhdindəcə gözlənilməz şəkildə 4-cü pilləni tutaraq uzun illər sonra avrokuboklarda mübarizə aparmaq hüququ qazandı.
Can Pyero “Atalanta”da asta-asta maraqlı, dinamik hücum futboluna əsaslana özünəməxsus oyun üslubu formalaşdırırdı. Növbəti mövsümlər “vilayətlər kraliçası”nın əldə etdiyi nəticənin təsadüf olmadığını göstərdi. Xose Luis Palomino, Mario Paşaliç, Berat Cimsiti, Timoti Kaştan, Martin De Run, Ruslan Malinovski, Robin Qosens, Yoakim Mele, Luis Muriel, Duvan Sapata və Yosip İliçiçlə heyətini zənginləşdirən komanda 2018/2019-cu illər mövsümündə çempionatı üçüncü pillədə bitirərək 100 illik tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazandı. “Berqamolular” ilk dəfə çıxdığı bu arenada da layiqli mübarizə apararaq 1/4 finala kimi irəllədilər. Bu nəticə COVİD-19 pandemiyası ilə yaddaşlara həkk olunan 2020-ci ilin əsas idman sürprizlərindən biri idi.
Əsasən 3-4-3 sxeminin müxtəlif formatlarında istifadə edən Qasperinin kollektivi topa nəzarət etməyi sevən, kompakt müdafiə olunmağı bacaran, yeri gələndə isə sürətli əks-hücumlara çıxa bilən komandaya çevrildi. Rəqiblərinə nəzərən daha aşağı maddi imkana malik “Atalanta” bu uğuru növbəti iki ildə də davam etdirdi. Ancaq istənilən komandada olduğu kimi onlar da durğunluq dövründən keçməli oldu. Qazanılan müvəffəqiyyətlərin əsas lokomotivlərindən olan Yosip İliçiçin və Papu Qomesin komandanı tərk etməsi, Muriel və Sapata kimi qol silahlarının formadan düşməsi nəticələrə də təsir etdi və “Atalanta” 2021/2022-ci illər mövsümündə 8-ci pilləni tutaraq Qasperinin dövründə ilk dəfə avrokukoblardan kənarda qaldı. Ancaq təcrübəli italiyalı mütəxəssis bu çətin vəziyyətdən çıxış yolunu tapa bildi. Köklü dəyişikliklərdən sonra berqamoluların heyətində artıq İsak Hin, Emil Holm, Ederson, Matteo Rugeri, Tön Kopmayners, Şarl De Ketelare, Canluka Skamakka və Ademola Lukman kimi oyunçular parlayır. İndi isə Qasperininin yetirmələri UEFA Avropa Liqasının yarımfinalındadır. Kubokda da mübarizəsini davam etdirən Berqamo klubu uzun illər sonra ilk dəfə mövsümü titulla başa vura bilər. Ancaq hətta bu mükafatlarsız belə Can Pyero Qasperinili “Atalanta”, heç şübhəsiz, dövrümüzün ən maraqlı komandalarından biridir.