- İtaliya S.A.
- 23:27 14.12.2025
İspaniyalı hücumçu Alvaro Morata “Milan”dakı qısa müddətli çıxışından danışıb.
90deqiqe.Az-ın “La Gazzetta dello Sport"a istinadən yaydığı məlumata görə, hazırda icarə əsasında “Qalatasaray”da çıxış edən və transfer hüquqları “Milan”a məxsus olan futbolçu 2024-cü ildə “Atletiko”dan “rossoneri” klubuna keçidinin ardından üzləşdiyi çətinlikləri etiraf edib.
“Çöldən göründüyü qədər pis deyildi. Amma karyeram boyunca heç vaxt yaşamadığım hisslərlə üzləşdim. Bunun nə olduğunu açıqlamaq istəmirəm. Sadəcə, özümü orada artıq öz yerimdə hiss etmirdim və problemə çevrilməmişdən əvvəl ayrılmaq qərarı verdim”, – deyə Morata bildirib.
Təcrübəli hücumçu əsasən ünsiyyət problemi yaşadığını da gizlətməyib:
“Hamıya hörmətlə yanaşmağa çalışıram, amma bəzi şeylər var ki, mənə doğru gəlmir. Mən də problem yaratmamaq üçün ayrıldım. Günbəgün baş verən gözlənilməz dəyişikliklərə uyğunlaşmaq çətin olur. Sezona müəyyən bir planla başlayırsan, amma bu plan kəskin dəyişəndə nəticə ya çox yaxşı olur, ya da tam əksi”.
Morata medianın onun keçidinə peşman olduğu ilə bağlı yazdıqlarını da təkzib edib:
“Bu, həqiqətə uyğun deyil. Keçidimə heç vaxt peşman olmadım. “Milan” formasını geyinmək mənim üçün şərəf idi. Bəli, A Seriyasında nəticələrimiz sabit deyildi, amma bir çox yaxşı oyunlar da keçirdik. “Bernabeu”da qalib gəldik, “Napoli” ilə oyunda isə az fərqlə məğlub olduq. Derbidə yaxşı çıxış etdik. Daha sonra klub fərqli bir strategiya seçdi və mən bu barədə daha çox danışmaq istəmirəm”.