- İtaliya S.A.
- 23:33 04.12.2025
İtaliyanın “Milan” və “İnter” klubları “San-Siro” stadionunun alınması ilə bağlı birgə bəyanat verib.
90deqiqe.Az xəbər verir ki, stadionun hüquqlarının klublara verilməsi barədə qərar Milan şəhər şurasının sentyabrın 30-na keçən gecə keçirilən iclasında qəbul edilib və əməliyyatın ümumi dəyəri 197 milyon avro təşkil edib.
Birgə açıqlamada deyilir: “İnter" və "Milan" klubları ‘San-Siro’ stadionunun və ona bitişik ərazinin satışına şəhər şurası tərəfindən təsdiq verilməsindən məmnundurlar. Bu, həm klubların, həm də şəhərin gələcəyi üçün tarixi və həlledici addımdır.
Şəhər hökumətindən rəsmi təsdiqi gözləyərkən, klublar gələcəyə inam və məsuliyyətlə baxır, yeni stadionun yaradılmasına aparacaq prosesin növbəti mərhələlərinə hazırdır. Yeni arena ən yüksək beynəlxalq standartlara cavab verəcək, Milanın yeni memarlıq simvolu və dünya üzrə futbol azarkeşlərinin ehtirasının təcəssümü olacaq”.
Əvvəllər bildirildiyi kimi, “İnter” və “Milan” şəhərdən stadionun hüquqlarını alandan sonra “San-Siro”nu sökməyi və bitişik ərazidə yeni arenanı inşa etməyi planlaşdırır. 1926-cı ildə tikilmiş stadionun rekonstruksiyası texniki problemlər səbəbindən praktik sayılmır. Yeni stadionun tikintisinə 2027-ci ildə başlanması və 2031-ci ildə başa çatması nəzərdə tutulur.