- İtaliya S.A.
- 23:56 07.01.2026
İtaliya A Seriyasının 19-cu turu çərçivəsində keçirilən “Leççe” – “Roma” oyunu başa çatıb.
90deqiqe.Az xəbər verir ki, qarşılaşmanın hesabı 14-cü dəqiqədə açılıb. Brayan Kristante cərimə meydançası önündə Paulo Dibalanı ötürmə ilə tapıb, argentinalı futbolçu isə topu Evan Ferqyusona yönəldib. Hücumçu dəqiq zərbə ilə topu qapının sol küncünə göndərib – 0:1.
Birinci hissənin sonlarına yaxın Zeki Çelik sol cinahdan cərimə meydançasına ötürmə edib. Rikochet sonrası Ferqyuson yaxın məsafədən zərbə endirsə də, qapıçı ayağı ilə təhlükəni dəf edib.
İkinci hissədə “Leççe” hesabı bərabərləşdirmək üçün imkan qazanıb. Konan N’Dri sağ cinahdan cərimə meydançasına ötürmə edib, lakin Santiago Pyerotti əlverişli mövqedən qapını dəqiq nişan ala bilməyib. Ardınca “Roma”nın uzunmüddətli hücumunda Uesli Françanın ötürməsindən sonra Dibala toxunuşla zərbə vurub, amma top qapının üstündən keçib.
71-ci dəqiqədə qonaqlar fərqi artırıblar. Künc zərbəsindən sonra hücumun ikinci dalğasında sağ cinahdan Nikolo Pizillinin ötürməsini Artem Dovbik bir toxunuşla tamamlayaraq hesabı 0:2 edib.
Bu qələbədən sonra “Roma” 36 xalla turnir cədvəlinin ilk üçlüyünə xeyli yaxınlaşıb. Çempionatın lideri “İnter”dən paytaxt təmsilçisini cəmi üç xal ayırır. “Leççe” isə turnir cədvəlinin sonundan beşinci pillədə qərarlaşıb.