- İtaliya S.A.
- 23:05 31.01.2026
“Мilan” klubunun qapıçısı Mik Menyan komandası ilə müqaviləsini yeniləyib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə İtaliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yeni anlaşmaya əsasən, fransalı qolkiper “rossoneri”nin heyətində 2031-ci ilin yayına qədər çıxış edəcək.
Menyan cari mövsümdə “Milan” forması ilə bütün turnirlərdə 25 oyunda meydana çıxıb. Həmin qarşılaşmaların 11-də qapısını toxunulmaz saxlayan təcrübəli qolkiperin “Transfermarkt” portalına görə bazar dəyəri 25 milyon avro təşkil edir.
Qeyd edək ki, Mik Menyan 2021-ci ildən etibarən “Milan”da çıxış edir. O, bu müddət ərzində İtaliya klubunun heyətində ümumilikdə 188 oyunda iştirak edib və 70 matçı buraxılmış qol olmadan başa vurub. Menyan “Milan”la birlikdə İtaliya çempionu olub və ölkə Superkubokunu qazanıb.