- İtaliya S.A.
- 23:02 17.02.2026
"Yuventus" direktorları Corco Kyellini və Damien Komolli A Seriyasının 25-ci turunda "İnter"lə keçirilən (2:3) oyundakı davranışlarına görə cəzalandırılıblar.
90deqiqe.Az xəbər verir ki, bu barədə idman məhkəməsi rəsmi açıqlama yayıb.
Qərara əsasən, Komolli martın 31-dək diskvalifikasiya edilib və 15 min avro məbləğində cərimələnib. Bildirilib ki, o, matçın baş hakiminə qarşı “təhdidedici və aqressiv davranıb, fiziki təmas yaratmağa cəhd göstərib”. Qarşıdurmanın böyüməsinin qarşısı “Yuventus”un baş məşqçisi və klub əməkdaşlarının müdaxiləsi sayəsində alınıb. Həmçinin funksioner hakimi ünvanına ağır təhqiramiz ifadələr işlədib və oxşar davranışı hakimlər otağının qarşısında da təkrarlayıb.
Kyeillini isə fevralın 27-dək diskvalifikasiya olunub. O, hakimin qərarlarına “emosional və hörmətsiz formada etiraz etdiyi”, həmçinin hakimlər otağının qarşısında eyni davranışı sərgilədiyi və matçın rəsmi şəxslərini təhqiramiz şəkildə tənqid etdiyi üçün cəzaya məruz qalıb.
Xatırladaq ki, qarşılaşmanın ilk hissəsinin sonlarında baş hakim “Yuventus”un müdafiəçisi Pierre Kalulunu meydandan qovub. Bu qərar Turin klubunun məşqçilər heyətinin kəskin etirazına səbəb olub. Nəticədə stadionun alt keçidində məşqçilər korpusu ilə hakim arasında insident yaşanmaq üzrə olub.