- İtaliya S.A.
- 00:56 19.04.2026
"Yuventus" İtaliya A Seriyasında "Bolonya" ilə keçiriləcək vacib oyun ərəfəsində heyəti ilə bağlı müsbət xəbər alıb.
90deqiqe.Az-ın məlumatına görə, Turin təmsilçisinin futbolçuları Kenan Yıldız və Kefren Tyuram zədələrini geridə qoyaraq komanda ilə birgə tamhəcmli məşqlərə qoşulublar. Yıldız son həftələrdə onu narahat edən dizindəki iltihabdan tam sağalıb.
Bu problem onun "Atalanta" ilə qarşılaşmada istənilən səviyyədə çıxış edə bilməməsinə səbəb olmuş, nəticədə futbolçu matç gedişində əvəzlənmişdi. Türkiyəli hücumçu bərpa prosesi çərçivəsində bir müddət fərdi məşqlərlə kifayətlənmişdi.
Kefren Tyuramın hansı səbəbdən problemlə üzləşdiyi açıqlanmasa da, yarımmüdafiəçi son turda meydana çıxmışdı.
Hər iki oyunçunun “Bolonya”ya qarşı matçda iştirakı ilə bağlı yekun qərar hələ rəsmi şəkildə açıqlanmayıb.
Hazırda “Yuventus” A Seriyasının turnir cədvəlində 60 xalla dördüncü pillədə qərarlaşıb və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirir.