- İtaliya S.A.
- 23:52 23.05.2026
“İnter”in baş məşqçisi Kristian Kivu A Seriyasının son turunda “Bolonya” ilə 3:3 hesablı heç-heçədən sonra mövsümü dəyərləndirib və müdafiəçi Stefan de Vreynin zədəsi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "DAZN" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Biz həmişə bu formanı şərəflə geyinməliyik. Bu gün futbolçular tam gücləri ilə oynadılar və komanda üçün hər şeylərini verdilər”
Mütəxəssis mövsümün sonunda şans qazanan gənc oyunçuların çıxışını da xüsusi qeyd edib:
“Dəyişiklikdən sonra meydana çıxanlar öz keyfiyyətlərini göstərdilər. Kokki, Topaloviç və Diuf üçün, həmçinin mövsümdə 10-cu qolunu vuran Pio üçün çox şadam. Onlar ‘İnter’də oynamağa layiq futbolçulardır. Biz onlara A Seriyasının tempini hiss etməyə və inkişaf etməyə imkan veririk. Bu liqada oynamaq asan deyil”.
Komanda düşərgəsində narahatlıq yaradan məqam isə Stefan de Vreynin vəziyyətidir. Niderlandlı müdafiəçi oyunun sonlarında budundan zədə alaraq meydanı axsayaraq tərk edib.
“Ümid edirik ki, ciddi bir şey yoxdur. Ümid edirəm ki, o, dünya çempionatına qədər sağalacaq, çünki bu turnirdə oynamağa layiqdir”, – deyə Kivu vurğulayıb.
Kivu həmçinin klubun yayda heyəti radikal şəkildə dəyişməyəcəyini, yalnız nöqtə transferlərlə gücləndirmə aparılacağını bildirib.
Qeyd edək ki, komanda mövsümü həm çempionluq, həm də İtaliya Kubokunun qalibi kimi başa vurub.