- İtaliya S.A.
- 14:38 06.06.2026
"Milan"ın hücumçusu Rafael Leau geridə qalan mövsümdə ciddi çətinliklərlə üzləşdiyini etiraf edib.
90deqiqe.Az-ın “Milan Reports"a istinadən məlumatına görə, 26 yaşlı futbolçu bir neçə ay qasıq nahiyəsindən aldığı zədə ilə oynadığını bildirib.
"Bu, çətin mövsüm oldu. Biz Çempionlar Liqasına vəsiqə qazana bilmədik. Dörd-beş ay pubalgiya ilə oynadım və üstəlik, öz mövqeyimdə çıxış etmirdim", - deyə Leau qeyd edib.
Portuqaliyalı futbolçu komandanın taktiki sisteminin də ona uyğun olmadığını vurğulayıb.
"Taktiki sistem mənə kömək etmirdi. Meydanda fərq yarada biləcəyimi hiss edirdim, amma komandanın oyun üslubu bunun üçün şərait yaratmırdı. Sonda bu, insanı çox yorur", - deyə o əlavə edib.
Qeyd edək ki, Rafael Leau may ayının sonunda yeddi illik karyeradan sonra "Milan"dan ayrıldığını açıqlayıb. Daha əvvəl futbolçu ilə Türkiyənin "Qalatasaray" klubunun maraqlandığı barədə məlumat yayılmışdı.