- İtaliya S.A.
- 23:25 08.06.2026
"Napoli"nin yarımmüdafiəçisi Kevin de Bruyne uzunmüddətli zədəsindən sonra vəziyyəti və qarşıdakı dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumata görə, belçikalı futbolçu bildirib ki, zədənin ilk günlərində ciddi narahatlıq keçirib:
"Bu vəziyyəti izah etmək çətindir. Başlanğıcda qorxmuşdum, çünki iki il əvvəl də budun arxa əzələsindən oxşar zədə almışdım".
33 yaşlı yarımmüdafiəçi reabilitasiya prosesini vətənində keçirdiyini və bunun düzgün seçim olduğunu vurğulayıb.
"Demək olar ki, bütün bərpa dövrünü burada keçirdim. Düşünürəm ki, bu, ən yaxşı qərar idi. Heç bir geriləmə yaşamadım, ağrı və ya narahatlıq hiss etmədim. Təəssüf ki, belə oldu. Mövsümə yaxşı başlamışdım və özümü əla formada hiss edirdim"
Məlumata görə, De Bruyne zədə səbəbindən təxminən beş ay yaşıl meydanlardan uzaq qalıb və bu müddətdə klubu və millisi üçün ümumilikdə 30 oyunu buraxıb. Buna baxmayaraq, o, Belçika millisinin dünya çempionatı üçün yekun heyətinə daxil edilib.
"Tədricən optimal formama qayıtmaq istəyirəm. Özümü hazır hiss edirəm və düşünürəm ki, bir neçə oyundan sonra tam şəkildə əvvəlki oyun ritmimi bərpa edəcəyəm", - deyə De Bruyne əlavə edib.