- İtaliya S.A.
- 23:24 05.07.2026
"Yuventus"un sabiq futbolçusu Karlos Teves Turin təmsilçisinin ötən mövsümkü çıxışını sərt tənqid edib.
90deqiqe.Az xəbər verir ki, argentinalı keçmiş hücumçu komandanın nəticələrindən narazı qaldığını və Luçano Spalettini "Yuventus" üçün uyğun baş məşqçi hesab etmədiyini bildirib.
"Mən "Yuventus"un fəlakətli mövsümünü izlədim. Komanda hətta Çempionlar Liqasına vəsiqə qazana bilmədi. İndi onları yenidən növbəti yenidənqurma ili gözləyir. Mən Spalettini "Yuventus"un baş məşqçisi kimi bəyənmirəm. Onu emosional məşqçi hesab etmirəm. Mən qaynayan qanı olan, ehtiraslı mütəxəssisləri sevirəm. Məsələn, Antonio Konte kimi", - deyə Karlos Teves bildirib.
Xatırladaq ki, "Yuventus" 2025/26 mövsümünü A Seriyasının turnir cədvəlində altıncı pillədə başa vurub. Turin təmsilçisi yeni mövsümdə Avropa Liqasında mübarizə aparacaq.