- İtaliya S.A.
- 23:09 10.07.2026
"Yuventus" və Türkiyə millisinin hücumçusu Kənan Yıldız diz nahiyəsindəki zədə səbəbindən əməliyyat oluna bilər.
90deqiqe.Az-ın “Tuttosport”a istinadən məlumatına görə, 21 yaşlı futbolçuya xroniki vətər iltihabı diaqnozu qoyulub. Fiziki yüklənmə artdıqca problem yenidən özünü göstərir və hazırda tətbiq olunan müalicə üsulu tam sağalacağına zəmanət vermir.
Bildirilib ki, dünya çempionatında iştirak zədələnmiş dizə düşən yükü daha da artırıb. Kənan Yıldız turnir ərzində dizini sabit saxlayan sarğılardan istifadə edib və ağrıkəsici dərmanlar qəbul edib.
Mövcud müalicə gözlənilən nəticəni verməsə, "Yuventus" və futbolçunun özü cərrahi müdaxilə ilə bağlı qərar qəbul edə bilər. Bu halda hücumçunun vətərində əməliyyat aparılacaq və o, daha sonra bərpa prosesinə başlayacaq.
Hazırda Kənan Yıldız dünya çempionatından sonra istirahət edir. Onun iyulun 20-də "Yuventus"un düşərgəsinə qayıdaraq mövsümöncəsi hazırlıqlara başlaması gözlənilir.