- İtaliya S.A.
- 23:53 29.07.2026
"Milan"ın baş məşqçisi Ruben Amorim klub rəhbərliyindən Danimarka millisinin və Fransanın "Marsel" klubunun yarımmüdafiəçisi Pyer-Emil Höybjerqin transferini reallaşdırmağı xahiş edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, portuqaliyalı mütəxəssis "rossonerilər"in oyun üslubunu dəyişməyi planlaşdırır. Amorim komandasının meydanda topa nəzarət edən, oyuna dominantlıq edən və rəqibə yüksək təzyiq göstərən futbol sərgiləməsini istəyir. Bu planın həyata keçirilməsi üçün isə o, 30 yaşlı danimarkalı yarımmüdafiəçini əsas hədəf hesab edir.
Məlumata əsasən, "Marsel" futbolçunu 10-15 milyon avro qarşılığında satmağa hazırdır. Höybjerq isə İtaliya nəhənginin marağını müsbət qarşılasa da, gələcəyi ilə bağlı qərar verməyə tələsmir.
Qeyd edək ki, Pyer-Emil Höybjerqin "Marsel"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir.
Təcrübəli yarımmüdafiəçi ötən mövsüm Fransa Liqa 1-də 32 oyunda meydana çıxaraq 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.