- İtaliya S.A.
- 23:41 31.07.2026
"Milan"ın və İtaliya millisinin sabiq kapitanı Paolo Maldini uzun sürən xəstəlikdən sonra 66 yaşında vəfat edən əfsanəvi müdafiəçi Franko Barezi ilə bağlı duyğusal paylaşım edib.
90deqiqe.Az xəbər verir ki, italiyalı futbol əfsanəsi sosial şəbəkə hesabında keçmiş komanda yoldaşı haqqında təsirli fikirlər səsləndirib.
"Sən mənə son nəfəsədək mübarizə aparmağı öyrətdin, geyindiyin formaya bağlılığın nə demək olduğunu və əsl liderin necə olduğunu göstərdin. Bunu hər gün öz nümunənlə sübut edirdin: az söz, saysız-hesabsız əməl."
Maldini bildirib ki, Barezi onun həyatının hər mərhələsində yanında olub:
"Uşaq olanda məni qorudun, gənc futbolçu kimi mənə yol göstərdin, böyüdükdən sonra isə mənə ilham verdin. Sən birlikdə oynamaq şərəfinə nail olduğum ən böyük futbolçu idin."
Qeyd edək ki, Franko Barezi bütün peşəkar karyerasını "Milan"da keçirib və 20 il ərzində klubun formasını geyinib.
Əfsanəvi müdafiəçi "Milan"ın heyətində altı dəfə İtaliya çempionu olub, üç dəfə Avropa Çempionlar Kubokunu, iki dəfə Qitələrarası Kuboku və dörd dəfə İtaliya Superkubokunu qazanıb.
Barezi İtaliya millisinin heyətində 81 oyun keçirib və 1982-ci ildə dünya çempionu adını qazanıb.