- İtaliya S.A.
- 22:48 01.08.2026
İtaliyanın ən titullu klublarından biri olan "Napoli" yaranmasının 100 illiyini qeyd edir.
90deqiqe.Az-ın məlumatına görə, klubun rəsmi əsası 1926-cı il avqustun 1-də qoyulub.
Bir əsr ərzində Neapol təmsilçisi İtaliya və Avropa futbolunda silinməz iz qoyub. Xüsusilə 1980-ci illər klub tarixinin ən yaddaqalan dövrü hesab olunur. Həmin illərdə Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona "Napoli"nin formasını geyinərək komandaya iki A Seriyası çempionluğu və UEFA Kubokunu qazandırıb.
XXI əsrdə də uğurlarını davam etdirən "Napoli" 2023-cü ildə uzun illərdən sonra yenidən İtaliya çempionu olub. Klub 2025-ci ildə isə növbəti dəfə A Seriyasının qalibi adını qazanaraq ölkə futbolundakı gücünü bir daha təsdiqləyib.
Bu gün 100 yaşını qeyd edən "Napoli" zəngin tarixi, sadiq azarkeş ordusu və qazandığı titullarla dünya futbolunun ən nüfuzlu klublarından biri kimi fəaliyyətini davam etdirir.