23 avqust 2026. Bazar günü

“İnter”in çalışdırıcısı transfer bazarından narazıdır


“İnter”in çalışdırıcısı transfer bazarından narazıdır

“İnter”in baş məşqçisi Kristian Kivu A Seriyasının ilk turunda “Monza” üzərində 4:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

 90deqiqe.Az-ın “TMW” nəşrinə istinadən məlumatına görə, rumıniyalı mütəxəssis komandasının ilk hissədə çətinlik çəkdiyini bildirib:

“İlk hissədə bizim üçün çətin oldu və bunda rəqibin də böyük rolu var. Erkən qol vurmağımıza baxmayaraq, çox qarışıq oynayırdıq. Əsəbiləşməyə başladıq və öz futbolumuzu nümayiş etdirə bilmirdik. Daha sonra fərdi keyfiyyətlər və komanda oyunu sayəsində soyuqqanlılığımızı və sakitliyimizi bərpa etdik. İkinci qoldan sonra isə əvvəldən etməli olduğumuz şeyi etdik”.

Kivu transfer məsələsinə də toxunub. Baş məşqçi heyətindən razı olduğunu və transfer pəncərəsinin bağlanmasını səbirsizliklə gözlədiyini deyib:

“Transferlər barədə danışmaq istəmirəm. Hər gün məşqlərdə özünü tam ortaya qoyan və səviyyəsini yüksəltmək istəyən futbolçulardan ibarət komandam var. Transfer bazarı transfer bazarıdır. Artıq onun bağlanacağı günü səbirsizliklə gözləyirəm. Bu məsələ mənə kifayət qədər baş ağrısı yaradır”.

Qeyd edək ki, “İnter” A Seriyasının ikinci turunda avqustun 30-da səfərdə “Kalyari” ilə qarşılaşacaq.







İtaliya S.A.