- İtaliya S.A.
- 00:51 24.08.2026
“Yuventus”un yarımmüdafiəçisi Fransişku Konseysau A Seriyasının ilk turunda səfərdə “Frozinone” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.
90deqiqe.Az-ın “Goal.com”a istinadən məlumatına görə, portuqaliyalı futbolçu komandanın matçı istədiyi kimi keçirdiyini, lakin qol imkanlarından daha yaxşı yararlana biləcəklərini bildirib.
“Matçı istədiyimiz kimi keçirdik. İki, üç, hətta dörd qol vura bilərdik və bu, daha yaxşı olardı. Lakin bunu bacarmadıq. Əsas odur ki, qalib gəldik. Oyuna yaxşı başladıq və ən vacib məqam da budur”
Futbolçu “Yuventus”un hücum xəttində geniş seçim imkanlarının olmasını müsbət amil kimi dəyərləndirib:
“Hücumda çoxlu variantımız var. Bu, yaxşı haldır, çünki komanda daha da güclənir. Çox çalışırıq və ötən mövsüm alınmayan məqamları düzəltmək istəyirik. Bu qədər seçim imkanının olması hər birimizin inkişaf etməsinə şərait yaradır”.
Konseysau komandanın daha qətiyyətli olmalı olduğunu da vurğulayıb:
“Biz həmişə özümüzdən daha artığını tələb etməliyik. Hücumameyilli futbolçu kimi mən də buna daxilem. Matçı daha inamlı qələbə ilə başa vura bilmədik və bu istiqamətdə inkişaf etməliyik. Bunun üzərində işləyirik və bu sahədə irəliləmək istəyirik”.