- İtaliya S.A.
- 01:05 07.09.2026
“Milan” və “İnter” klublarının birgə yeni stadion tikintisi ilə bağlı layihəsi yenidən gecikmə təhlükəsi ilə üzləşib.
90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, Milandan olan bir sakin şəhər rəhbərliyinə qarşı məhkəməyə müraciət edərək “San-Siro” stadionunun ətrafındakı torpaq sahəsinin klublara verilməsinin qanuniliyinə etiraz edib.
Mənbənin məlumatına görə, iddia “Milan” və “İnter”in birgə yaratdığı “Stadio San Siro SpA” şirkətinə torpaq sahəsinin verilməsi ilə bağlıdır. Sözügedən sövdələşmə rəsmi olaraq 5 noyabr 2025-ci ildə başa çatıb.
İddiaçı hesab edir ki, şəhər rəhbərliyi torpaq sahəsinin klublara verilməsi prosesini qəsdən sürətləndirib və sövdələşməni stadionun 70 illiyinə cəmi beş gün qalmış yekunlaşdırıb. Onun sözlərinə görə, bu tarixdən sonra “San-Siro” avtomatik olaraq satışını və sökülməsini qadağan edən mühafizə statusu əldə etməli idi.
“Milan” və “İnter” bu məsələnin həllindən sonra yeni ümumi stadionun tikintisini sürətləndirməyə ümid edirdilər. Lakin yeni məhkəmə mübahisəsi uzunmüddətli hüquqi prosesə səbəb ola və tikinti işlərinin başlanmasını yenidən təxirə sala bilər.