- İtaliya S.A.
- 23:38 29.09.2026
İtaliyanın “Yuventus” klubu növbəti çempionat matçına hazırlıq çərçivəsində məşqə çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Goal” məlumat yayıb.
Turin təmsilçisi üçün məşqin əsas müsbət məqamı Andrea Kambyasonun komandaya qayıtması olub. Müdafiəçi hazırlıq prosesində komanda ilə birlikdə məşq edib.
Ayaq biləyindən aldığı zədə səbəbindən təxminən bir ay yaşıl meydanlardan uzaq qalan futbolçunun artıq zədəsini tam sağaltdığı bildirilir.
Məşqdə “Yuventus”un sabiq yarımmüdafiəçisi Klaudio Markizionun 17 yaşlı oğlu Davide Markizio da iştirak edib. Gənc futbolçu yaxın zamanda Turin klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb. Müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, “Yuventus” cümə günü “Kremoneze” ilə yoxlama oyunu keçirəcək. Turin klubunun İtaliya A Seriyasında növbəti matçı isə oktyabrın 11-də “Kalyari”yə qarşı olacaq.