5 oktyabr 2026. Bazar ertəsi

Fabreqas “İnter”in təklifini niyə rədd etdiyini açıqladı


Fabreqas “İnter”in təklifini niyə rədd etdiyini açıqladı

“Komo”nun baş məşqçisi Sesk Fabreqas “İnter”ə rəhbərlik etmək təklifindən niyə imtina etdiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bildirib ki, onun üçün futbolçuların inkişafı qazanılan kuboklardan daha böyük əhəmiyyət daşıyır.

“Mən çox düşünən və hər şeyi təhlil edən insanam. Başa düşürəm ki, sonda məşqçinin karyerası qazandığı titulların sayı ilə qiymətləndirilir və bu, ədalətlidir. Amma bizim söhbətimizdə Da Kunyanın inkişafından danışırdıq. O, indi milli komandada oynayır və mənim üçün bu, istənilən kubokdan daha dəyərli qələbədir.

Bunu lovğalıqdan demirəm. Bilirdim ki, bir çox gənc futbolçu məhz mənimlə işləmək üçün “Komo”ya gəlib. Niko Paz hazırda hamının diqqət mərkəzindədir, amma iki il əvvəl o, “Real Madrid”in ikinci komandası olan “Kastilya”dan gəlmişdi. Atası oğlunun gələcəyini mənə tam etibar etmişdi. Mən Vale, Perrone, Da Kunya və bir çox başqa futbolçudan da danışıram. Onlar mənim üçün çempionluq tituludur”

Təcrübəli baş məşqçi komandaya inkişaf üçün vaxt lazım olduğunu da vurğulayıb:

“Ən vacib şey vaxtdır, amma məşqçinin heç vaxtı olmur. Bunun ən parlaq nümunəsi Artetadır. O, ardıcıl üç mövsüm səkkizinci, daha sonra isə beşinci yeri tutdu. Yeddi il sonra Premyer Liqanın qalibi oldu və Çempionlar Liqasının finalına çıxdı.

“Komo”da aydın bir vizyonumuz var və bir-birimizə güvənirik. Mən burada inkişaf etməyə və klubun kimliyini formalaşdırmağa üstünlük verirəm. Əgər bir gün “Komo”dan ayrılsam, hamımız istəyirik ki, məndən sonra gələn məşqçi başladığımız layihəni davam etdirsin”.

Qeyd edək ki, A Seriyasının ilk beş turundan sonra “Komo” 10 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.







İtaliya S.A.