- İtaliya S.A.
- 23:52 14.10.2026
“Venesia” klubu Davide Nikolanın əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunduğunu açıqlayıb.
90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, italiyalı mütəxəssislə sabahdan qüvvəyə minəcək və 2027/2028 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
1973-cü ildə Turin yaxınlığındakı Luzerna San Covanni şəhərində anadan olan Nikola futbolçu karyerasını başa vurduqdan sonra 2010-cu ildə məşqçilik fəaliyyətinə başlayıb. O, ilk olaraq İtaliyanın C Seriyasında çıxış edən “Lumezzane” klubuna rəhbərlik edib.
2012-ci ilin yayında “Livorno”nun baş məşqçisi təyin olunan mütəxəssis komandanı B Seriyasından A Seriyasına yüksəldib. “Livorno” müntəzəm mövsümü üçüncü pillədə başa vurub, daha sonra pley-off mərhələsinin qalibi olub.
Nikola 2014/2015 mövsümündə “Bari”də çalışdıqdan sonra “Krotone”yə rəhbərlik edib və bu komanda ilə A Seriyasında qalmağı bacarıb. Daha sonra “Udineze” və “Cenoa” klublarında işləyib. “Cenoa” onun rəhbərliyi altında turnir cədvəlinin sonuncu pilləsindən yüksələrək elitada yerini qoruyub.
2021-ci il yanvarın 19-da “Torino”nun baş məşqçisi təyin edilən Nikola bu klubla da A Seriyasında qalmaq vəzifəsinin öhdəsindən gəlib. Növbəti mövsümdə “Salernitana” ilə oxşar uğura imza ataraq komandanı çətin vəziyyətdən çıxarıb.
2024-cü ilin yanvarında “Empoli”nin sükanı arxasına keçən mütəxəssis yenidən komandanın yüksək liqada qalmasını təmin edib. Daha sonra “Kalyari”yə rəhbərlik edən Nikola 2024/2025 mövsümünü 36 xalla 15-ci pillədə başa vurub. Onun son iş yeri ötən mövsüm çalışdırdığı “Kremoneze” olub.
Nikola ilə yanaşı, “Venesia”nın məşqçilər heyətinə də yeni mütəxəssislər qoşulub. Manuele Kaçiça texniki köməkçi, Qabriele Stoppino fiziki hazırlıq məşqçisi, Lorenso Skvitsi isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Yeni təyinatı ilə bağlı danışan Nikola “Venesia”nı seçməsinin səbəblərini açıqlayıb:
“Bu klubu seçdim, çünki burada uzunmüddətli strategiya, quruculuq istəyi və mühüm inkişaf perspektivləri görürəm. Daha əvvəl tanıdığım idman direktoru Antonellinin burada olması da qərarımda həlledici rol oynadı. O, mənə burada istənildiyimi hiss etdirdi.
Komandanın mövsümün ilk oyunlarını izlədim və futbolçular arasında müsbət ab-hava gördüm. Böyük həvəsim və inanılmaz motivasiyam var. Yenidən meydana qayıtmaq və komandanı yüksək liqada saxlamaq məqsədinə çatmaq üçün səbirsizlənirəm.
Mənim üçün məşqçilikdə ən vacib məqamlardan biri insanlara emosiyalar yaşatmaq və yaddaşlarda qalacaq tarix yazmaqdır. Məqsədimiz bu olmalıdır və buna azarkeşlərimizlə birlikdə nail olmalıyıq”.