- İtaliya S.A.
- 22:37 14.11.2026
“Latsio”nun sabiq yarımmüdafiəçisi Xuan Sebastyan Veron Roma klubunun İtaliya A Seriyasında çempionluq uğrunda mübarizənin əsas favoritlərindən biri olduğunu düşünür.
90deqiqe.Az-ın məlumatına görə, o, bu barədə “SportWeek” nəşrinə müsahibəsində danışıb.
“Bəs niyə də olmasın? Mənə deyin, cari mövsümün əvvəlindən A Seriyasında “Latsio”dan daha üstün olduğunu göstərən hansı komanda var? Sizin əvəzinizə cavab verim: belə komanda yoxdur. Turnir cədvəlindəki hazırkı mövqe təsadüfi deyil. Bu, indiyədək meydanda gördüklərimizin əksidir.
Vəziyyət dəyişə bilər. Ola bilsin, Cennaro Qattuzonun futbolçuları yorulmağa başlasınlar. Lakin komandanın uğurunun təməli kifayət qədər möhkəmdir”, – deyə Veron bildirib.
Qeyd edək ki, A Seriyasında 11 turdan sonra “Latsio” məğlubiyyət üzü görməyib və 29 xal toplayıb. Bu, Roma klubunun çempionatın həmin mərhələsində tarixindəki ən yaxşı göstəricisidir.
Paytaxt təmsilçisi turnir cədvəlində “İnter”i 1, “Roma”nı isə 2 xal qabaqlayır.
Xatırladaq ki, Xuan Sebastyan Veron 2000-ci ildə “Latsio” ilə İtaliya çempionu olub.