- İtaliya S.A.
- 22:30 25.11.2026
“İnter”in yarımmüdafiəçisi Nikolo Barella komandanın gənc hücumçusu Françesko Pio Espozitonun potensialından danışıb.
90deqiqe.Az-ın “TNT Sports Mexico”ya istinadən məlumatına görə, italiyalı futbolçu 21 yaşlı forvardın universallığını və inkişafını yüksək qiymətləndirsə də, onun ölkə futbolunun əfsanələri ilə müqayisə edilməsinə hələ tez olduğunu bildirib.
“Düşünürəm ki, Espozito artıq potensialını nümayiş etdirir, baxmayaraq ki, inkişaf üçün hələ qarşıda çox yolu var. O, böyük imkanlara malikdir və həm cərimə meydançasında, həm də ondan kənarda eyni dərəcədə yaxşı çıxış edir. Biz onun bu xüsusiyyətlərindən maksimum yararlanmalıyıq.
O, İtaliya millisində də özünü yaxşı tərəfdən göstərib. Xüsusilə Fransa kimi güclü rəqibə qarşı keçirilən matçda bunu sübut etdi. Həmçinin komandaya qoşulduğu gündən bəri necə böyük əzmlə çalışdığını və verilən tövsiyələri diqqətlə dinlədiyini qeyd etmək istəyirəm”
Espozitonun Kristian Vieri və Luka Toni ilə müqayisə olunması barədə suala cavab verən yarımmüdafiəçi belə deyib:
“Biz futbol tarixində iz qoymuş oyunçulardan danışırıq. Pionun hələ çox şeyi sübut etməsi lazımdır, amma o, karyerasına əla başlayıb. Bu cür müqayisələri düzgün hesab etmirəm. Ona yalnız uğurlar arzulayıram”.
Qeyd edək ki, Françesko Pio Espozito cari mövsüm “İnter”in heyətində meydana çıxdığı 14 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.