- İtaliya S.A.
- 23:55 28.11.2026
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti dekabrın 6-da “San-Siro”ya qayıdacaq.
90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis “Milan” klubunun Şöhrət Zalına daxil ediləcək. Ançelotti klub tarixinin ən yaxşı üç yarımmüdafiəçisindən biri seçilib.
Ona xüsusi mükafat A Seriyasının “Parma” ilə matçı başlamazdan əvvəl təqdim olunacaq.
Ançelotti 1987-1992-ci illərdə “Milan”ın formasını geyinib. Bu müddət ərzində 160 oyunda meydana çıxan italiyalı futbolçu 11 qol vurub və 12 məhsuldar ötürmə verib.
O, Arrigo Sakkini rəhbərliyi altında “Milan”la iki dəfə Avropa Çempionlar Kubokunun, iki dəfə İtaliya çempionatının, iki dəfə UEFA Superkubokunun qalibi olub. Həmçinin Qitələrarası Kuboku və İtaliya Superkubokunu qazanıb.
2001-ci ildə Ançelotti bu dəfə baş məşqçi kimi “Milan”a qayıdıb və 2009-cu ilədək komandaya rəhbərlik edib. Onun rəhbərliyi altında Milan təmsilçisi iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub, İtaliya çempionluğunu qazanıb və bir sıra digər titullara sahib çıxıb.