- İtaliya S.A.
- 02:18 29.11.2026
İtaliya A Seriyasının 2026/2027-ci illər mövsümünün 13-cü turunda “İnter” doğma meydanda “Cenoa” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Milanda yerləşən “Cüzeppe Meatsa” stadionunda keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanı baş hakim Covanni Ayroldi idarə edib.
Matçda hesabı 29-cu dəqiqədə Lautaro Martines açıb. 40-cı dəqiqədə Markus Türam fərqi iki topa çatdırıb. 44-cü dəqiqədə Duqlas Auqustonun vurduğu qol isə VAR müdaxiləsindən sonra qeydə alınmayıb.
İlk hissəyə əlavə olunmuş 3-cü dəqiqədə Petar Suçiç penaltini dəqiq yerinə yetirərək hesabı 3:0 edib. İkinci hissənin 54-cü dəqiqəsində yenidən fərqlənən Türam dublunu rəsmiləşdirib və yekun hesabı müəyyənləşdirib – 4:0.
Bu qələbədən sonra 13 oyunda 32 xal toplayan “İnter” A Seriyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Milan təmsilçisi lider “Latsio”dan (35 xal) 3 xal geri qalır.
“Cenoa” isə 13 turdan sonra 16 xalla turnir cədvəlinin 10-cu pilləsində yer alıb.