- Konfrans liqası
- 02:04 08.11.2024
Rusiyanın “Soçi” komandasının baş məşqçisi Vladimir Fedotov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Keşlə”yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.
Corner.az xəbər verir ki, 54 yaşlı mütəxəssis, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Matça yaxşı hazırlaşmışıq. Sabah azarkeşlərimizə baxımlı oyun göstərmək istəyirik. Avrokuboklarda debüt etməyimizə baxmayaraq, komandada gərginlik yoxdur. Doğru yolda əmin addımlarla irəliləyirik.
“Keşlə” barədə müəyyən məlumatlar toplamışıq. Amma heç bir oyununa baxa bilmədik. Çünki yoxlama matçlarını yerli komandalara qarşı keçiriblər. Bununla belə, hansı üslubda oynadıqlarını bilirik. Həmçinin yeni transferləri barədə məlumatlıyıq. Düşünürəm ki, matçın ilk 10 dəqiqəsi rəqibin oyununu analiz etmək üçün yetərli olacaq”.
Rusiyalı baş məşqçi avrokuboklardakı əsas hədəflərini də açıqlayıb: “Qrupa düşmək üçün 3 komandanı keçməliyik. Bu baxımdan bizi sıx qrafik gözləyir. Əsas məqsəd uğurlu startdır. İnanıram ki, hədəfimizə çatacağıq”.
Fedotov şansların bərabər olduğunu vurğulayıb: “Rəqib barədə məlumatımız az olduğundan kimin favorit olduğunu demək çətindir. Amma evdə oynayacağımız üçün üstünlük bizim tərəfimizdə olacaq. Kimin favorit, kimin ikinci olduğunu yaşıl meydan göstərəcək”.