"Qarabağ”ın prezidenti Tahir Gözəl evdə Kipr AEL-inə 1:0 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündən sonra brifinq keçirib.
Corner.az xəbər verir ki, Ağdam klubunun rəhbəri bunları söyləyib:
“Bu, Qarabağın azad edilməsindən və sahibinə qaytarılmasından sonra Avropada ilk mövsümümüzdür. "Qarabağ"ın əvvəlki və indiki missiyaları bir-birindən fərqlənir. Bu, oyun mənim çox böyük diqqətimdə idi. Klub olaraq, büdcəmizlə yanaşı, mənəvi dəyərlərimiz də onlardan üstün idi. Nəyi nəzərdə tutduğumu bildiniz. Çox sevindim. Axıra doğru oyun canlandı. "Qarabağ" və futbolçularının təcrübəsi öz sözünü dedi. Nəticədə qələbə qazandıq. Çox sevindirici haldır ki, yolumuza davam edir, artıq Qarabağın sahibləri olaraq, Avropada mübarizəmizi sürdürürük. Bu, çox dəyərli və qiymətlidir. Həm də COVID-19-dan, oyunlara təkbaşına tamaşa etməkdən yorulmuşduq. Bu günkü təşkilatçılığı, azarkeşlərin, "İmarət" fan-klubunun fəaliyyətini yüksək qiymətləndirirəm. Fikrimcə, stadionda 15 minədək tamaşaçı var idi. 1,5 ildir ki, biz onlara həsrət qalmışdıq. Bu gün dadına doyduğumuz futbol hadisəsi yaşadıq. Düzdür, hücumçuya ehtiyacımızın olduğunu oyuna baxanda açıq-aşkar görürəm. Amma hadisə olaraq yanaşdıqda biz bir futbol günü və qalib gəldiyimiz üçün futbol təntənəsi yaşadıq. Mən buna çox sevinirəm.
Görürsünüz ki, dünyada futbol hər il çətinləşir, klubların büdcələri "şişir". Bir neçə gün öncə baş məşqçimiz Qurban Qurbanovla birgə iclas keçirdik. Doğrudan da futbol məsləyi, yaxşı futbolçu cəlb etmək hər gün ağırlaşır. Neçə vaxtdır gözəl bir hücumçu almaq istəyirik. Çox böyük çətinliklər çəkirik. Bütün bunlara baxmayaraq, inanıram ki, "Qarabağ"ın öz sabitliyi, oyunçularının keyfiyyəti və Riçard Almeyda kimi bizi tanıyan, oyunumuzu bilən futbolçunun qayıdışı, yeni gələnlərin tez müddətdə hazır olmaları ilə yaxşı oyunlar ortaya qoyacaq”.
Gözəl Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün ideal vəziyyətdə olmamasına da münasibət bildirib: “Həqiqət budur ki, stadionun vəziyyəti heç də yaxşı deyil. Çox çətin oldu. Burada əsas drenajlar çatışmır. Layihə qurularkən, səhvə yol verilib. Əslində "Qarabağ"ın öz stadionu "Azersun Arena" Azərbaycanda ən gözəl, ən yaxşı arenadır. Lakin təəssüf ki, parkinq və digər lazımi imkanlar olmadığından, avrokuboklardakı rəqiblərimizi öz meydanımızda qəbul edə bilmirik. Çünki həmin vaxt nəzərimizdə bunlar yox idi. Amma Respublika stadionunun mütləq nəzarət altına alınaraq, dövlət investisiyası ilə düzəldilməsi lazımdır. Növbəti ev oyunlarımızın başqa stadionda keçirilməsinə gəlincə, bunu hələ öz aramızda məsləhətləşməmişik”.(report)