- Konfrans liqası
- 02:04 08.11.2024
"Biz avrokuboklara digər təmsilçilərimizdən əvvəl - birinci təsnifat mərhələsindən başladıq. Komanda daha tez bir araya gəlməyə məcbur idi. Bakıda müəyyyən hazırlıq dövrü keçəndən sonra Sloveniyaya yola düşdük".
Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev klubun rəsmi televiziyasına müsahibəsində deyib.
43 yaşlı funksioner pandemiya dövründə bir ölkədən digərinə getməyin çətin olduğunu xatırladıb: "Bizə bu işdə köməklik göstərən Litva səfirliyinə və onların əməkdaşlarına təşəkkür edirəm. Bütün bunlara baxmayaraq Sloveniyaya üz tutduq. Təlim-məşq toplanışımız çox yüksək səviyyədə gerçəkləşdi. Sadəcə, orada da problemlər var idi. Bütün futbolçular bizə vaxtında qoşula bilmədi. Yeni transferlər hazırlıq prosesi başa çatandan sonra Bakıda bizə qoşuldular. Bu da xoşagələn hal deyil".
Klub rəsmisi çempionluqdan sonra yükün daha da çoxaldığını sözlərinə əlavə edib: "Biz bunu gözləyirdik. İstəklər, iştahlar artır. 5-6 il bundan əvvəl "Neftçi" demək olar ki, çökmüş vəziyyətdə olub. Ondan sonra görülən işlər bizi bu zirvəyə çıxartdı. Amma biz də istəyirik ki, uğurlarımız sıralansın. Növbəti ildə də çempion olmaq niyyətindəyik. Bəlkə ölkə kubokunu da qazanmaq qismətimizdə olacaq. Bu klubun hədəfləri həmişə böyük olub. Reallıq da var. Premyer Liqamızda rəqabət heç də az deyil. I turun bütün nəticələrini yaxşı mütəxəssis də əvvəlcədən proqnozlaşdıra bilməz. Komanda sayı az olsa da, çempionat maraqlıdır. Nəticələri əvvəlcədən bilmək olmur. Hər komandanın hədəfləri var. Digər həmkarların işinə baxanda görürəm ki, onlar da uğur qazanmaq istəyir. Biz də öz potensialımızı və gücümüzü bilirik".
Quliyev Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün şanslarının davam etdiyini söyləyib: "Bizim İsrailin "Makkabi" (Hayfa) klubu ilə iki matçımız var. Rəqib nə qədər güclü olsa da, əlimizdən gələni edəcəyik. Əvvəlcədən nəyisə proqnozlaşdırmaq mümkün deyil, çətindir. Hamı ötən il "Neftçi"yə bir gözlə baxırdı, indi isə iki gözlə baxır. "Neftçi" çempiondur. Ən azı növbəti ilin mayınadək. Allah qismət etsin, yenə çempion olaq. Bu statusda qorumaq həm çətindir, həm də şərəflidir".