23 noyabr 2024. Şənbə

Qarabağ'la eyni səviyyədə çıxış edirik - Bazel'in baş məşqçisi


Qarabağ'la eyni səviyyədə çıxış edirik - Bazel'in baş məşqçisi

"Bu oyuna yaxşı hazırlıq keçmişik. Rəqib haqqında məlumat toplamışıq. Mövsümə yaxşı başlamışdıq. Məqsədimizə nail olaraq Konfrans Liqasının qrup mərhələsinə yüksəldik. Çempionatda sonuncu dəfə "Luqano" ilə matçda yaxşı oynadıq, amma qələbə qazana bilmədik. Bu səbəbdən psixoloji təzyiq olacağını düşünmürəm".

Corner.az-ın məlumatına görə, bu sözləri İsveçrənin "Bazel" klubunun baş məşqçisi Patrik Rahmen Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan əvvəl mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis özlərini Ağdam təmsilçisi ilə eyni səviyyədə gördüklərini söyləyib: "Onlarla eyni səviyyədə çıxış edirik. Biz də oyun ərzində topa sahib olmaq niyyətindəyik. Sabah eyni səviyyəli komandalar üz-üzə gələcək. Bizi maraqlı oyun gözləyir. Qrupda yalnız Qazaxıstan "Kayrat"ı haqqında elə də çox məlumata sahib deyiləm. Çətin qrupa düşdüyümüzü deyə bilərəm. Hamısı güclü rəqiblərdir. Kiprin "Omoniya" klubunu da unutmaq olmaz. Bizi qarşıda maraqlı görüşlər gözləyir".

Rahmen sabahkı matçda yaxşı oyun nümayiş etdirib 3 xal qazanmaq istədiklərini vurğulayıb: "Bizi çətin və güclü rəqiblə matç gözləyir. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdır. Avropa çempionatı zamanı İsveçrə millisinin oyunlarını baxmışam. Bakı Olimpiya Stadionu çox yaxşı arenadır".

İsveçrəli mütəxəssis "Qarabağ"ın bir neçə oyununu izlədiyini sözlərini də əlavə edib: "Cinahda aktiv olan futbolçuları bizə çətinlik yarada bilər. Bizi gərgin və maraqlı qarşılaşma gözləyir. Sabahkı oyun üçün səbirsizlənirik".

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq







Konfrans liqası