23 noyabr 2024. Şənbə

Güclü rəqiblərlə qarşılaşmaq istəyirik


Güclü rəqiblərlə qarşılaşmaq istəyirik

"Görüşün əvvəlində qol vurduq, amma qeydə alınmadı. Bundan sonra mən hakimə yaxınlaşdım. Soruşdum ki, nəyə görə qolumuzu hesaba almadınız? O da epizodu görmədiklərini bildirdi".

Corner.az-ın məlumatına görə, bu fikirləri İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının VI tur oyunundan qayıdan "Qarabağ"ın futbolçusu Kevin Medina Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

28 yaşlı müdafiəçi fasilədən sonra da xorvatiyalı referi Fran Yoviçə müraciət etdiyini söyləyib: "Fasilədən qayıdanda soruşdum ki, görüntüləri izlədiniz? Hakim epizodun təkrarına baxdığını dedi. Yenidən soruşdum ki, indi nə olacaq? Əlindən bir şeyin gəlmədiyini bildirdi. Hakimə dedim ki, qolu hesaba alsaydız, matç tamam başqa məcrada keçərdi və özümüzə inam artardı".

Kolumbiyalı oyunçu pley-off mərhələsindəki şanslarından da danışıb: "Növbəti mərhələdəki rəqibi seçmək bizim əlimizdə deyil. Kim düşəcəksə, onunla da qarşılaşacağıq. Amma “Qarabağ” olaraq həmişə istəyirik ki, ən güclü rəqiblə oynayaq. Püşkün bəxtimizə kimin çıxaracağını görəcəyik".

Medina "Qarabağ"la görüşdə dubl edən "Bazel"in hücumçusu Artur Kabral barədə də danışıb: "Onun səviyyəsi ortadır. Kabralın fiziki cəhətdən də güclü olduğunu qeyd edərdim. Hətta beli ilə qol vurdu. Açıq-aşkar deyə bilərəm ki, bu mövsüm qarşılaşdığımı ən güclü forvard məhz Kabral idi”.

Qeyd edə ki, xorvatiyalı baş hakim Fran Yoviç 2-ci dəqiqədə Abdullah Zubirin qolunu qeydə almayıb.(report)







Konfrans liqası