29 yanvar 2026. Cümə axşamı

Rəqibin adından çəkinməyəcəyik - Qurban Qurbanov


Rəqibin adından çəkinməyəcəyik - Qurban Qurbanov
"Qarabağ” Avropa Konfrans Liqasının pley-offunda Marsel “Olimpik”i (Fransa) ilə qarşılaşacaq.   

Corner.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib. 
 
Təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib: “Arzuolunmaz komanda ilə düşdüyümüzü düşünə bilərik. İlk olaraq bizim rəqib bilindi. Mən hər zaman futbolçularımın daha da böyüməsini istəyirəm. Azərbaycana daha titullu komandaların gəlməsinə, deməzdim, sevinmişəm. Sadəcə, bildirmişəm ki, bunun futbolumuzun inkişafı üçün faydası olacaq. Bunadək də xeyli sayda güclü rəqiblərimiz olub. Bəzi matçlarda uduzsaq da, futbolçular layiqli oyun göstərməyi bacarıblar. Bu il təcrübəmiz daha çoxdur. Mən də bu il turnirə başlayanda hansı istək var idisə, futbolçularıma necə güvənirdimsə, indi də eyni vəziyyətdir. 2 ay vaxtımız olacaq, rəqibi daha yaxından tanıyacağıq. Çalışacağıq ki, futbolçularımıza hər xırda elementi düzgün formada çatdıraq və layiqli mübarizə aparaq. Rəqibin adından çəkinməyəcəyik. İnanıram ki, həm səfərdə, həm də evdə ən yaxşı matçlarımızdan birini oynayacağıq. Komandama güvənirəm".
 
“Qarabağ”ın bu rəqiblə ilk oyunu 2022-ci il fevralın 17-də səfərdə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.






Konfrans liqası