23 noyabr 2024. Şənbə

Qarabağ - Marsel oyununun yeri dəyişdirilə bilər


Qarabağ - Marsel oyununun yeri dəyişdirilə bilər

"Qarabağ" klubunun Fransa "Marsel"i ilə UEFA Konfrans Liqasının pley-off mərhələsindəki ev oyunu Bakı Olimpiya Stadionunda (BOS) keçirilə bilər.

Corner.az-ın əldə etdiyi məlumata görə, bu, Tofiq Bəhramov adına Respublika stadionunun icazə verilən tamaşaçı tutumunun azlığı ilə əlaqədardır. Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əsasən, açıq havada keçirilən idman tədbirlərinə tamaşaçı tutumunun 50 faizi qədər bilet satılır. 31 200 tamaşaçı tutumuna malik mərkəzi arena üçün bu rəqəm 15 500 anlamına gəlir.

68 000 yerlik BOS isə mövcud qaydalara əsasən, Respublika stadionunun ümumi tutumundan çox - 34 000 tamaşaçı qəbul etməyə qadirdir.

"Marsel"in ad-sanlı klub olduğunu və görüşün əhəmiyyətini nəzərə alaraq, oyuna xeyli azarkeşin gələcəyi güman olunur.

"Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadə açıqlamasında oyunun BOS-da keçirilmə ehtimalını istisna etməyib: "Hələ dəqiq heç nə yoxdur. Belə bir variant mümkündür".

Qarşılaşmaya tam hazır olduqlarını vurğulayan Respublika stadionunun direktoru Şamil Quliyev bildirib ki, oyun məkanının dəyişdirilməsinin mümkünlüyündən məlumatsızdır.

"Çox istərdik ki, görüş stadionumuzda olsun. Amma bizə belə bir istək gəlməyib". Bunu isə BOS-un İctimaiyyətlə əlaqələr şöbəsinin Fərid Əsədzadə deyib.

Qeyd edək ki, UEFA-nın rəsmi saytı "Qarabağ"ın "Marsel" komandası ilə ilk oyununu 2022-ci il fevralın 17-də "Marsel" stadionunda, cavab görüşünü isə fevralın 24-də Respublika stadionunda təşkil olunacağını açıqlayıb.(report)







Konfrans liqası