23 noyabr 2024. Şənbə

Qarabağ'la oyunda yarım saniyəyə qərar verməli idim


Qarabağ'la oyunda yarım saniyəyə qərar verməli idim

Kipr "Omoniya"sının futbolçusu Jordi Qomes UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"a uzaq məsafədən vurduğu qol haqqında danışıb.

Corner.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi "Marca"ya açıqlamasında bu cür zərbələr üçün məşq etmədiyini bildirib.

İspaniyalı oyunçu qarşılaşmalar zamanı imkan yarandıqda bəxtini sınadığını söyləyib: "Məşqlərdə bunun üzəridə çalışmıram. Daim meydanın mərkəzindən belə zərbələr vurmaq üçün səbəb görmürəm. Qolkiperlərin çoxu qapıdan uzaqlaşır. Hərdən bunun fərqinə varıram, amma bütün diqqətim bu nüansda olmur. Hansısa məsafədən qol vuracağam fikri ilə meydana çıxmıram. Avropa Liqasında Niderlandın PSV komandası ilə görüşdə qolkiperin irəlidə olduğunu görməyə vaxt tapdım. "Qarabağ"la qarşılaşmada isə yarım saniyəyə qərar verməli idim".

Qomes Azərbaycan təmsilçisi ilə matçın sonlarında 1:2 hesabı ilə geridə olduqlarını xatırladıb: "Azlıqda qaldığımız üçün yarımmüdafiəni güclə keçirdik. Andronikos Kakullisdən ötürmə aldım. Bu zaman topu buludlara göndərsəm, komanda yoldaşlarımın mənə nə deyəcəyini düşünmədim".

Qeyd edək ki, "Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb. H qrupunu ikinci pillədə başa vurmuş Azərbaycan təmsilçisi pley-off mərhələsində Fransa "Marsel"inə rəqib olub. "Köhlən atlar" ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.(report)







Konfrans liqası