- Konfrans liqası
- 02:04 08.11.2024
"Marsel" aşkar favoritdir, amma "Qarabağ" yaxşı komandadır".
Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının ilk oyunu barədə "Laprovence" nəşrinə açıqlamasında deyib.
55 yaşlı mütəxəssis Azərbaycanda futboldan daha çox döyüş növlərinə üstünlük verdiyini söyləyib: "Amma bunu İngiltərə və Fransadakı insanların bəyənmə tərzi ilə müqayisə etmək olmaz. Onlar güləş kimi döyüş növlərinə üstünlük verirlər. Futbolda böyük ənənələri yoxdur. Çünki yığmanın nəticələri yaxşı deyil".
Yurçeviç, "Qarabağ"ın ölkənin ən yaxşı komandası olduğunu vurğulayıb: "Burada ölkənin ən yaxşı futbolçuları, həmçinin ən yaxşı legionerləri çıxış edir".
Xorvatiyalı mütəxəssis Azərbaycan yığmasında çıxış edən həmyerlisi Filip Ozobiçi "köhlən atlar"ın ən yaxşı futbolçusu hesab etdiyi sözlərini də əlavə edib: "O, əsl yaradıcı 10 nömrədir. Ozobiç baş məşqçi Qurban Qurbanovun tətbiq etdiyi texniki oyun üslubunda önəmli rol oynayır. Azərbaycan Premyer Liqasının oyunlarında orta hesabla 1000 azarkeş olur. Amma "Marsel"lə matçda stadion dolacaq. Onlar Fransa klubunu böyük komanda kimi tanıyırlar və rəqibin favorit olduğunu bilirlər. Ancaq bəzən bu komanda yaxşı rəqiblərə qarşı uğurlu nəticələr əldə edir".
Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.