'Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Marsel “Olimpik”i (Fransa) ilə ev oyununda əsl feyr-pleyi nümayiş etdirib. Corner.az xəbər verir ki, 12-ci dəqiqədə hesabda geriyə düşən Azərbaycan təmsilçisi 34-cü dəqiqədə bərabərlik qolunu vurub.
Lakin İbrahima Vadji topu tora əli ilə daxil etsə də, hakimlərin diqqətindən bu yayınıb. Konfrans Liqasında VAR sistemindən istifadə olunmadığı üçün matçın baş hakimi qolu qeydə alıb. Marsel klubunun futbolçuları hakimlərə etiraz etməyə başlayıblar. Onlar hətta “Qarabağ”ın futbolçuları ilə də mübahisəyə qədər irəliləyiblər. Nəticədə qarşılaşmanın polşalı baş hakimi bir neçə futbolçuya sarı vərəqə də göstərib.
Yalnız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İbrahima Vadjini yanına çağıraraq onunla söhbətləşdikdən sonra futbolçu qolu əli ilə vurduğunu hakimə etiraf edib. Polşalı referi məhz bundan sonra qolu ləğv edib.