“Qarabağ” bizə azadlıq dərsi keçdi, onlar sərbəst futbol oynadılar, nəticəyə çox önəm vermədilər". Corner.az xəbər verir ki, bunu Fransa "Marsel"inin baş məşqçisi Xorxe Sampaoli Bakıda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
62 yaşlı mütəxəssis "köhlən atlar"ın əvvəlki qarşılaşmalarda da sərbəst çıxış etdiyini söyləyib: "İndiki futbolda ən vacibi qələbə qazanmaqdır. Oyunların məzmununu, demək olar ki, izləmirik. Nəyin bahasına olursa-olsun qələbə arzusunun olduğu bir vaxtda vurduğu qolu ləğv elətdirən “Qarabağ”ı təbrik etdim".
Qeyd edək ki, "Qarabağ"ın hücumçusu İbrahima Vadji 34-cü dəqiqədə "Marsel"in qapısına yol taparaq, hesabı bərabərləşdirib - 1:1. Bundan sonra qonaqların futbolçuları və məşqçilər heyəti seneqallı forvardın əllə fərqləndiyini bildiriblər. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra baş hakim Bartoş Frankovski qolu ləğv edib.