İtaliyanın “Roma” komandasının baş məşqçisi Joze Mourinyo avrokuboklarda yeni rekorda imza atıb. Corner.az xəbər verir ki, portuqaliyalı məşqçi avrokubokların yarımfinal mərhələsinə ən çox vəsiqə qazanan çalışdırıcı olub.
59 yaşlı mütəxəssis, bu ada Avropa Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində Norveçin “Bodo Qlimt” komandasını mübarizədən kənarlaşdırıb yarımfinala çıxmaqla sahib olub. Səfərdə baş tutan ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzan “canavarlar” cavab matçında 4:0 hesabıyla qələbə qazanaraq mərhələ adlayıblar. Finala gedən yolda İngiltərənin “Lester Siti” klubuna qarşı keçiriləcək görüşlər Mourinyo üçün məşqçilik karyerasında 11-ci avrokubok yarımfinalı olacaq.
Portuqaliyalı mütəxəssis bu göstəricidə Aleks Feryusson, Yupp Haynkes, Karlo Ançelotti və Xosep Qvardiola kimi baş məşqçiləri geridə qoyub.
O, həmçinin, Avropanın hər üç turnirində - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında yarımfinala çıxan birinci mütəxəssis olub.
Mourinyonun ən azı yarımfinal oynadığı turnirlərin siyahısı:
1. UEFA Kuboku, 2003 – “Portu” ilə çempion olub
2. Çempionlar Liqası, 2004 – “Portu” ilə çempion olub
3. Çempionlar Liqası, 2005 – “Çelsi” ilə yarımfinalda uduzub
4. Çempionlar Liqası, 2007 – “Çelsi” ilə yarımfinalda uduzub
5. Çempionlar Liqası, 2010 – “İnter”lə çempion olub
6. Çempionlar Liqası, 2011 – “Real”la yarımfinalda uduzub
7. Çempionlar Liqası, 2012 – “Real”la yarımfinalda uduzub
8. Çempionlar Liqası, 2013 – “Real”la yarımfinalda uduzub
9. Çempionlar Liqası, 2014 – “Çelsi” ilə yarımfinalda uduzub
10. Avropa Liqası, 2017 – “Mançester Yunayted”lə yarımfinalda uduzub
11. Konfrans Liqası, 2022 – “Roma” ilə yarımfinalda oynayacaq