“Zirə”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan “Makkabi” (Tel-Əviv) “Toto” kuboku çərçivəsində Netanya “Makkabi”si ilə qarşılaşıb. Corner.az xəbər verir ki, matçın əsas vaxtında qapılara ümumiyyətlə qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan Netanya “Makkabi”si 5:4 qalib gələrək növbəti mərhələyə yüksəlib. Tel-Əviv “Makkabi”si isə turnirlə erkən vidalaşmalı olub.
Qeyd edək ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov köməkçisi Eltun Yaqublu ilə birlikdə bu matçı stadiondan canlı izləyib.
Xatırladaq ki, “Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də “Dalğa Arena”da olacaq. Komandalar iyulun 28-də Tel-Əvivdəki “Blumfild” stadionunda cavab matçına çıxacaq.