Kiprin "Aris" komandasının baş məşqçisi Aleksey Şpilevski Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabah bizi çətin oyun gözləyir. Çox yaxşı hazırlıq keçmişik. “Neftçi" yaxşı komandadır. Rəqibimizin kifayət qədər avrokubok təcrübəsi var. Amma bu o demək deyil ki, bu rəqibdən qorxuruq. Sona qədər mübarizə aparacağıq. Rəqibə hörmətlə yanaşırıq, amma ondan çəkinmirik".
34 yaşlı baş məşqçi Azərbaycan təmsilçisini yaxşı analiz etdiklərini söyləyib: "Neftçi"nin yeni baş məşqçisi, üslubu və transferləri var. Amma onlara qarşı müəyyən plan hazırlamışıq. Yaxşı oyun keçirəcəyimizə inanıram. Evdə çıxış edəcəyimiz üçün azarkeşlərin bizdən hücum futbolu tələb etməsi normaldır".
Sabah "AEK Arena"da baş tutacaq “Aris” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.