"Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Kiprin “Aris” (Limassol) komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, rumıniyalı mütəxəssis bu gün Kiprdə baş tutan mətbuat konfransında bunları söyləyib:
"Sabah bizim üçün çox vacib gündür. İlk rəsmi matçımıza çıxacağıq. Ağır hazırlıq dönəmi keçmişik. Ümid edirəm ki, sabah komandamız yaxşı oyun göstərəcək və növbəti mərhələyə doğru böyük addım atmış olacağıq. Qarşılaşma üçün start heyətini əvvəldən açıqlamayacağam. Toplanışda çox şeyi sınaqdan keçirmişik. Ən yaxşı "11-liy"i seçməyə çalışırıq. Elə oynamalıyıq ki, rəqiblər bizimlə qarşılaşanda çətinlik çəksin. Komanda şəklində müdafiə olunmağı öyrənməliyik".
47 yaşlı baş məşqçinin sözlərinə görə, keçmişdə baş verənlər önəmli deyil: "Əsas bundan sonrakı hadisələrdir. "Aris" çox yaxşı heyətə malikdir. Keyfiyyətli legionerləri və səviyyəli məşqçiləri var. Aqressiv futbol oynayırlar. Uzun müddətdir birlikdə çıxış edirlər. Onlar üçün hər hansı problemi aradan qaldırmaq daha asandır. Bizi çətin oyun gözləyir. Sabah rəqibin yüksək pressinq etdiyini görəcəksiniz. Fiziki cəhətdən hazırlıqlıdırlar. Bu amildən ehtiyatlanmalıyıq. Evdə oynadıqlarından azarkeş amili də onların tərəfində olacaq. Bununla belə, komandama güvənirəm".
Regekampf müsbət nəticənin komandası üçün xeyirli olacağını vurğulayıb: "Çünki evdə cavab matçımız var. Rəqibə hörmətlə yanaşırıq. Buraya sərfəli nəticə üçün gəldiyimizi gizlətmirik".
O deyib ki, futbolçulara mesajı açıq-aydındır: "Hər gün oyunçularla çalışırıq. Bu müddət ərzində onlara futbol bilgilərimizi aşılamışıq. Bilirsiniz ki, vaxtımız az idi. Bəzi futbolçular düşərgəyə gec qoşuldu. Oyunçulardan istədiyimi tələb etmək üçün bir az daha vaxta ehtiyacımız var".
Mütəxəssis beynəlxalq oyunlarda təcrübəsinin olduğunu bildirib: "Bildiklərimi futbolçularıma çatdırmağa çalışıram. Amma meydançada oynayan onlardır. Məsuliyyəti futbolçular öz üzərilərinə götürməlidirlər. Təcrübəli futbolçularımız var. Sabah bu təcrübəyə ehtiyacımız olacaq".
Regekampf oyunun hər bir epizodu üçün yaxşı taktika seçməli olduqlarını əlavə edib: "Müəyyən planımız var. Amma matçın gedişində dinamika hər şeyi dəyişə bilər. Sabah yaxşı oyun göstərmək istəyirik. Komanda şəklində çıxış etməliyik".
Təlim-məşq toplanışındakı yoxlama oyunlarına da toxunan baş məşqçi son matçlarda konsentrasiyanın istənilən kimi olmadığını söyləyib: "Çatışmayan cəhətlərimizin üstündə işləyib problemlərimizi aradan qaldırmağa çalışmışıq. Futbolçularımıza topu rəqibin cərimə meydançasına necə daşımalı olduqlarını çatdırmışıq. Bundan sonrası oyunçuların özlərindən asılıdır. Bizdə bu cür keyfiyyətli futbolçular var".
Sabah "AEK Arena"da baş tutacaq “Aris” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.